C. Dudayev: Türk olduğumu desəm…

15-02-2019, 15:45



Bu gün Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin doğum günüdür.
Ordum.az Axar.az-a istinadla xatırladır ki, o, 1944-cü ilin 15 fevralı Çeçenistanın Yalho kəndində doğulub. Dudayev Çeçenistanın ilk aviasiya generalı idi. O, 1990-cı ildə Çeçenistanın Rusiyanın tərkibindən çıxaraq öz müstəqilliyini elan edəcəyini bildirmişdi.
Dudayev 1994-cü ilin 31 dekabrında rus qoşunlarının şəhərə uğursuz hücumunun qarşısının alınmasında önəmli rol oynadı. Lakin iki ay davam edən döyüşlər 1995-ci ilin fevralında şəhərin ruslara təslim olması ilə nəticələndi. Dudayev hakimiyyətinin simvolu olan və uğrunda amansız döyüşlərin getdiyi Prezident iqamətgahı ruslar tərəfindən partladıldı. Lakin Dudayevi ələ keçirmək mümkün olmadı.
Dudayevə qarşı üç sui-qəsd cəhdi uğursuzluqla nəticələndi. Birinci sui-qəsd zamanı snayperin səhvi nəticəsində Dudayev sağ qalır. Sonrakı cəhddə isə yola qoyulmuş mina Dudayevin maşının keçidi zamanı partlasa da, çeçen lideri yüngül xəsarət alır. Üçüncü cəhd zamanı isə Dudayev öz mühafizə xidməti ilə birlikdə gizləndiyi evin partladılmasından 5 dəqiqə qabaq oranı tərk edir.
Lakin 1996-cı ilin aprelin ortalarında Çeçenistanın Saçi rayonun Yarış-Mardı kəndi yaxınlığında rus qoşunlarının hərbi karvanına hücum Dudayevə qarşı xüsusi əməliyyatın başlanmasını sürətləndirir. Hücum nəticəsində çeçenlər ruslara böyük itki yaşadır. Bundan sonra əhali arasında nüfuzdan düşməyə başlayan prezident Boris Yeltsin Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinə Dudayevin nəyin bahasına olursa-olsun məhv edilməsi göstərişini verir. Xüsusi xidmət orqanları 1 milyon dollar qarşılığında yerli informatorlardan Dudayevin telefonla danışdığı ərazini müəyyənləşdirirlər. Xüsusi əməliyyatı yerinə yetirmək üçün 2 Su-25 qırıcı təyyarəsi ayrılır. Qırıcı təyyarələr xüsusi hədəfi özü müəyyənləşdirən lazer başlıqlarla təchiz edilir. Telefonun siqnalı qeydə alınan kimi həmin təyyarələr havaya qalxaraq hədəfi məhv etməli idilər. Bütün sutka boyu ərazini nəzarətə götürən ruslar Dudayevin telefonla zəng etməsini gözləməyə başlayırlar. Nəhayət, 1996-cı ilin aprelin 21-də Qroznı şəhərindən 30 km cənubda yerləşən Qexi-Çu kəndi yaxınlığında Dudayevin telefonla danışacağı barədə Rusiya kəşfiyyat xidmətinə çeçen casusları tərəfindən məlumat ötürülür. Dərhal havaya qalxan təyyarələr hədəfi məhv edirlər.
Adətən, telefonla 5 dəqiqədən artıq danışmayan Dudayev həmin gün telefonla 10 dəqiqəyə qədər danışır. Dudayevə doğru atılan iki raketdən biri onun başına dəyir və o, yerindəcə keçinir. İki mühafizəçisi də onunla birlikdə həlak olur. Onun nəşi ətrafdakı insanların köməyi ilə dəfn edilsə də, dəfn olunduğu yer naməlum olaraq qalır…
Axar.az-a müsahibəsi zamanı Çövhər Dudayevlə bağlı xatirələrini bölüşən peşəkar jurnalist Ağası Hun onun ölkəmizə – Azərbaycana böyük ümidlər bəslədiyini söyləyir:
“Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar kürklərinin TÖRE təşkilatının başqanı Bahauddin Etyazov və mən – üçümüz birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam. Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var. Bir çox xalqları tamamən məhv edən rus dövləti Qarabulaqlıların da tamamən yer üzündən silinməsi üçün əmr vermiş və bu xalqın sağ qalanları dağlara çıxmış, Vaynaxların arasında ərimişlər. Bu zaman Qarabulaq adını çeçen və inquşların arasında tayfa və toxum adı olaraq qoruya bildilər. Azərbaycanda və bir çox türk ərazilərində Qarabulaq adlı kəndlər çoxdur. Eləcə də bu adda Çeçenistanda da həm tayfa, həm də kəndlər var. Dudayev dedi ki, mənim pasportumda çeçen yazılıb, qardaşımın pasportunda inquş. Amma mən əslən Qarabulaq türküyəm. Ancaq mən türk olduğumu indi açıq şəkildə bəyan edə bilmərəm. Bu, gələcəyin işidir”.




Facebook'da Paylaş