Ərdəbildə dərman çatışmazlığı yaşanır

31-08-2022, 07:43

Ərdəbildə dərman çatışmazlığı yaşanır


Ərdəbildə dərman çatışmazlığı yaşanır

Yerli sosial media fəallarının verdiyi məlumata görə, iki həftədir Ərdəbildə dərman çatışmazlığı şiddətlənib və apteklərin qarşısında izdiham yaranır. Məlumatda bir sıra adi dərmanların, o cümlədən antibiotiklərin tapılmadığı, vətəndaşların müraciətlərinə qaneedici cavab verilmədiyi bildirilib.
"Günlərdir yeddi aylıq uşaq üçün dərman axtarıram, ancaq hələ də heç bir aptekdə tapa bilməmişəm. 24 saat işləməli olan apteklər axşam saat 10-dan sonra bağlanır, bunu gərəkli dərmanların çatışmazlığı ilə əlaqələndirirlər. İlgili qurumlara müraciətlərimiz cavabsız qalır və israr etdikdə kobud davranışla üzləşirik"-deyə, ərdəbilli ata sosial mediadakı paylaşımında yazıb.
Fəallar problemlə bağlı müraciətlərə laqeyd yanaşıldığını, əlaqədar qurum və şəxslərin məsuliyyəti bir-birlərinin üzərinə atdığını qeyd ediblər.
Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb. Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur. Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.
Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.




Facebook'da Paylaş