Veteranlar Təşkilatı Avropa Parlamentinə etiraz bəyanatı göndərib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rəyasət Heyəti Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialarını tənqid edib və kəskin şəkildə pisləyərək quruma etiraz bəyanatı ünvanlayıb.
Ordum.az-ın xəbərinə görə, bəyanatda deyilir:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti olaraq Avropa Parlamentinin heç bir araşdırma aparmadan, real faktlara söykənmədən hazırladığı qətnaməni pisləyir, bunu qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik. Bildiririk ki, Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, məhv edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bu cür iddialar mövcud reallığı əks etdirmir. Əksinə, Azərbaycan dövləti və xalqı tolerantlıq və multikultural dəyərlərinə sadiq qalaraq ölkə ərazisində dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidəni həssaslıqla qoruyur, həmin abidələrin zəngin tariximizin bir hissəsi olaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərir. Bu baxımdan, Azərbaycanın guya işğaldan azad edilən torpaqlarımızda ermənilərə məxsus abidələrə, mədəniyyət nümunələrinə zərər vurması ilə bağlı iddialar reallıqdan uzaqdır və beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətdən uzaqlaşdırmnağa xidmət edir.
Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib. Vaxti ilə erməni işğalı altında qalan rayonlarımızda ümumi sayı minlərlə hesablanan məscidlərin, dini abidələrin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi abidələrin tamamilə dağıdılması faktı buna ən böyük nümunədir. Hansı ki, Azərbaycan tərəfinin əlində bütün bunları sübut edən saysız-hesabsız foto və video faktlar mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad edilən ərazilərə səfər etməyə, bu ərazilərdə faktaraşdırma missiyalarında iştirak etməyə səsləyib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti, o cümlədən bu qurumda təmsil olunan dövlətlər bu prosesdə aktivlik sərgiləmək, həqiqəti öz gözləri ilə görmək imkanından yararlanmaq istəmirlər. Halbuki, işğaldan azad edilən Azərbaycan torpaqlarına bu cür səfərlərin təşkili hər bir səfər iştirakçısına əsl gerçəkliyin nədən ibarət olduğu, kimin-kimə qarşı mədəni soyqırım həyata keçirdiyini şərhsiz-izahsız göstərə bilər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”
Facebook'da Paylaş